Посещение села Джоджуг Марджанлы Джебраильского ...
05.04.2017
Aprelin 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın ali məktəblərində təhsil alan bir qrup əcnəbi tələbənin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilmişdir. Səfərdə təhsil nazirinin müavini Firudin Qurbanov, ali məktəblərdə təhsil alan bir qrup əcnəbi tələbə və media nümayəndələri iştirak etmişdir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan İqtisadiyyat və Menecment fakültəsinin III kurs tələbəsi Elina Mourantova (Yunanıstan) və IV kurs tələbəsi Ding Jing (Çin), BBA I kurs tələbəsi Ali-zade Max Elmar (B.Britaniya), Qaz-neft mədən fakültəsinin II kurs tələbəsi Zhang Cioging (Çin) və IV kurs tələbəsi Yentur İbrahim Halil, eləcə də ADNSU-nun Əcnəbi Tələbələrinin dekanı Yaşar Həsənov da iştirakçılar arasında olmuşlar.
Səfərin əsas məqsədi Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən törədilən vəhşilikləri göstərmək, torpaqlarımızın geriyə qaytarılması əzmini nümayiş etdirmək, eləcə də iştirakçıları ölkə Prezidentinin sərəncamı ilə kəndin bərpası istiqamətində görülən işlər barədə məlumatlandırmaq olub.
Səfər iştirakçıları Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzinə gələrək, ümummilli liderin abidəsi önünə gül dəstələri qoyub.
Sonra Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər edilib.
İştirakçılara Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görülən tədbirlər, ərazidə aparılan minadan təmizləmə və tikinti işləri ilə bağlı məlumat verilib. Bildirilib ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələ Təpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün olub. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.
İştirakçılar Cocuq Mərcanlıda yeni bünövrəsi qoyulan məktəbin tikinti işləri ilə tanış olublar. Məlumat verilib ki, 150 şagird yerlik məktəbin tikintisinə bu ilin fevral ayında başlanılıb.
Səfər iştirakçıları 20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsi ilə görüşüb, həmçinin ərazidə ağac əkiblər.
Səfər çərçivəsində Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində N saylı hərbi hissənin əsgərləri ilə görüş keçirilib.
Daha sonra Horadiz şəhərində Heydər Əliyev Fondu tərəfindən inşa olunan 3 nömrəli tam orta məktəbdə müəllim və şagirdlərlə görüş keçirilib, məktəbdə təhsil alan şəhid övladlarına kitablar hədiyyə olunub.
Türkiyə Cümhuriyyətindən olan tələbə Yentur İbrahim Halil şəhid ailəsi ilə görüşdüklərini, bünövrəsi yeni qoyulan məktəbin tikinti işləri ilə tanış olduqlarını deyir. Ərazidə yerləşən hərbi komandanlığın rəhbər heyəti və ANAMA-nın nümayəndələri ilə görüşdüklərini söyləyən tələbə Aprel döyüşləri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi barədə onlara geniş məlumatlar verildiyini və bu səfərdən müsbət təəssüratlarla geri döndüklərini qeyd edib.
O Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutmuş bu səfərin onun xatiriəsində silinməz iz buraxdığını qeyd edib və vurğulayıb ki, Cocuq Mərcanlıda gördükləri Azərbaycan xalqının Qarabağ probleminin tezliklə ədalətli həllinə nail olacağına dair onun əminliyini artırıb.
Səfər iştirakçılarına Ermənistanın təcavüzü və işğalı, aprel döyüşləri ilə bağlı məlumatların əks olunduğu bukletlər təqdim olunub.
Sonda xatirə fotoşəkli çəkilib.